Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələblərinə dair maarifləndirmə tədbirləri keçirilib
Bakı, 27 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan və Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti idarələri Sabirabad, Saatlı rayon “Aqrolizinq” ASC-nin və Ağsu rayon pambıq qəbulu məntəqəsinin işçiləri ilə “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə pambığın yığılmasına, daşınmasına və emal edilməsinə cəlb olunacaq bütün kənd təsərrüfatı texnikalarının mütləq ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər, süpürgələr ilə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb. Bundan başqa, pambıq tarlalarının, pambıqqurutma meydançalarının, pambıq qəbulu məntəqələrinin, emalı zavodlarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilmədiyi bildirilib, su mənbələrinə yolların salınması, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların yaradılmasının zəruriliyi vurğulanıb.