PARİSDƏ ARALIQ DƏNİZİ İTTİFAQI İLƏ BAĞLI ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Parisdə Aralıq Dənizi Ölkələri İttifaqının yaradılmasına həsr olunmuş zirvə toplantısı keçirilmişdir.
Toplantıda 43 ölkədən 15 prezident, Almaniya və Avstriyanın kanslerləri, 23 Baş nazir, Mərakeş kralı, Monako şahzadəsi, BMT-nin baş katibi, Avropa Komissiyasının sədri, Avropa İttifaqı Şurasının baş katibi, İslam Konfransı Təşkilatının sədri, Afrika və Məğrib, Ərəb Ölkələri Liqasının yüksək vəzifəli rəsmiləri, Dünya Bankının, Avropa və Afrika investisiya banklarının baş direktorları, fransız ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Fransa Prezidenti Nikola Sarkozi və onun misirli həmkarı Hüsni Mübarəkin həmsədrlik etdikləri yığıncaqda Aralıq dənizi bölgəsini sülh zonasına çevirməyin, Avratlantik məkanda yerləşən ölkələr arasında əlaqələrin genişləndirilməsinin, əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılmış, tarixi, coğrafi, mədəni əlaqələr baxımından yaxın olan Avropa və Aralıq dənizi ölkələrinin bir ittifaqda birləşməsinin sülhə, demokratiyaya, sosial və mədəni yüksəlişə xidmət edəcəyinin əhəmiyyəti vurğulanmışdır.
700 milyondan artıq əhalinin yaşadığı, Avropa və Aralıq dənizinin 39 ölkəsini əhatə edən ərazidə tərəfdaşlıq, konstruktiv dialoqun aparılmasının vacibliyi qeyd olunmuşdur.
1995-ci ildə qəbul edilmiş Barselona prosesinin, Aralıq Dənizi Ölkələri İttifaqının yaradılması ilə bağlı layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Toplantıda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilmişdir. Qərarda Aralıq Dənizi İttifaqının yaradılması, ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlərlə bağlı maddələr öz əksini tapmışdır.