Parisdə AŞPA-nın monitorinq komitəsinin toplantısı keçirilmişdir
Paris, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq komitəsinin toplantısı keçirilmişdir.
Toplantıda Fransa üzrə monitorinq proseduruna başlamaq təklifi, Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkiləri və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Azərbaycanda prezident seçkiləri ilə bağlı çıxış edən komitə üzvlərinin əksəriyyəti demokratik, ədalətli, şəffaf və beynəlxalq standartlara tamamilə uyğun şəkildə keçirilən seçkilərin Azərbaycan xalqının iradəsini tam əks etdirdiyini vurğulamışdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə prezident seçkilərinin xarici dövlətlərin və beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri tərəfindən müşahidə edildiyini xatırlatmışdır. O bildirmişdir ki, beynəlxalq müşahidəçilər seçkilərin demokratik, azad, şəffaf şəkildə keçirildiyini bəyan etmişlər.
Nümayəndə heyətinin üzvü Elxan Süleymanov qeyd etmişdir ki,
beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirdiyi halda yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli bəyanatı ilə nəticələrə kölgə salmağa cəhd göstərmişdir. Bu qurumun seçkilərin nəticələri ilə bağlı əsaslı faktlara söykənməyən məruzəsi ölkəmizin beynəlxalq aləmdə artıq formalaşan imicinə qara yaxmağa yönəlmişdir. Seçkiləri müşahidə edən bütün beynəlxalq təşkilatlar nəticələri yüksək qiymətləndirdikləri halda nə üçün ATƏT/DTİHB böhtan mövqeyindən çıxış etmişdir? Bu, özlüyündə qurumda Azərbaycanın demokratik inkişafını, iqtisadi yüksəlişini, beynəlxalq aləmdəki uğurlarını gözü götürməyən qara qüvvələrin olmasından xəbər verir.
Azərbaycan deputatlarının çıxışları komitə üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris