PARİSDƏ FRANSIZ MÜƏLLİFİNİN “AZƏRBAYCAN” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Parisin “Kartala” nəşriyyatı Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Azərbaycanda işləmiş Antuan Kostanın “Azərbaycan” kitabını fransız dilində kütləvi tirajla çapdan buraxmışdır. 390 səhifəlik kitab “Azərbaycan rəqəmlərdə” göstəricisindən, giriş, 13 fəsil və biblioqrafiyadan ibarətdir.
“Azərbaycan rəqəmlərdə” göstəricisində ölkə ərazisinin sahəsi, əhalisinin sayı, əsas şəhərləri, pul vahidi və s. haqqında məlumat verilir.
Girişdə tarix boyu xarici istilalara məruz qalmasına baxmayaraq, xalqımızın öz zəngin milli irsini qoruyub saxladığı, Şərqdə ilk dram əsərinin M.F.Axundov, ilk operanın Ü.Hacıbəyov tərəfindən yazıldığı, ilk demokratik dövlətin Azərbaycanda qurulduğu xüsusi vurğulanır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, doğma yurd-yuvasından didərgin salınmış bir milyondan artıq soydaşımızın ağır şəraitdə, əksəriyyətinin çadır şəhərçiklərində yaşadığı göstərilir.
“Ölkə və insanlar” fəslində üçrəngli bayrağımızın və gerbimizin təsviri və dövlət himnimizin tam mətni verilmişdir. Burada xalqımızın mənşəyindən, dilindən, Qəbələ, Bərdə, Beyləqan, Şəki və Naxçıvan şəhərlərinin qədimliyindən də söhbət açılır.
Sonrakı fəsillərdə yerli və xarici alimlərin əsərlərinə istinadən ölkəmizin qədim dövrlərdən bu günə qədərki tarixinə nəzər salan müəllif indiki Dağlıq Qarabağın da daxil olduğu ərazidə vaxtilə yaranmış güclü Alban dövləti, sonralar meydana gəlmiş digər dövlətlər, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin vahid Azərbaycan dövləti yaratmaq cəhdləri, ölkəmizin İran və Rusiya tərəfindən bölüşdürülməsi, yüz minlərlə erməninin İran və Türkiyədən köçürülərək, Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində yerləşdirilməsi, 1905, 1918-1920-ci illərdə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması, əzəli Azərbaycan torpağı olan Zəngəzurun bolşeviklərin hakimiyyəti dövründə Ermənistana verilməsi, 1990-cı ilin qanlı yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1991-1993-cü illərdə ölkəmizdəki böhranlı vəziyyət barədə geniş bəhs olunur.
Kitabda hələ XX əsrin 60-cı illərinin sonundan Azərbaycana rəhbərlik edən, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində vətəndaş müharibəsi təhlükəsinin və Azərbaycanın parçalanmasının qarşısının alınmasından, ölkədə əmin-amanlığa, ictimai-siyasi sabitliyə, iqtisadiyyatın inkişafına, sosial tərəqqiyə nail olunmasından, müstəqil dövlət quruculuğunda əldə edilən uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından ətraflı söhbət açılır.
Müəllif Nizami, Xaqani, Nəsimi, Xətai, Vaqif, Vidadi, M.Ş.Vazeh, M.F.Axundov, X.Natəvan, S.Ə.Şirvani, M.Ə.Sabir və başqa söz ustalarının yaradıcılığını, ziyalılarımızın yetişməsində H.Zərdabinin və onun “Əkinçi” qəzetinin rolunu yüksək qiymətləndirir, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, T.Quliyev və V.Mustafazadənin əsərlərinin dünya şöhrətindən geniş bəhs edir.
Üz qabığında Qız qalasının və dövlət gerbimizin əks olunduğu kitabda xəritələr, ölkəmizin tarixi abidələri, görməli yerləri, xalqımızın adət-ənənələri ilə bağlı zəngin illüstrasiya materialı da verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris