Parlament komandalararası beynəlxalq futbol turnirinə Azərbaycan-Latviya oyunu ilə start verilib
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşırlar.
Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.
Püşkatmanın nəticələrinə əsasən, “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları qərarlaşıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb. “B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Günün ikinci oyununda Polşa və Türkiyə komandaları üz-üzə gələcəklər.