CƏMİYYƏT
Paytaxt Bakı və regionlarda “Qəhrəmanını tanı” layihəsi icra olunub
Bakı, 29 dekabr, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə paytaxt Bakı və regionlarda icra olunan “Qəhrəmanını tanı” layihəsi yekunlaşıb.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, paytaxt və regionlarda yerləşən 10 ali təhsil müəssisəsində Vətən müharibəsi qaziləri ilə tələbə gənclərin silsilə görüşləri keçirilib.
Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən görüşlərdə təşkilatın idarə heyətinin üzvləri, tərəfdaş qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri və tələbə gənclər iştirak ediblər.
Çıxış edən natiqlər bu kimi layihələrin keçirilməsində əsas məqsədin gənc döyüşçülərin Zəfərin əldə olunmasında rolunun vurğulanması olduğunu ifadə ediblər. Onlar qəhrəmanlıq ənənələrinin qorunub, gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinə diqqət çəkərək, gənclərimizin milli-mənəvi dəyərlərə bağlı və hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin müharibədə Qələbənin qazanılmasında hərbi qulluqçuların döyüş bacarıqları və yüksək ruh halının xüsusi rol oynadığını bildirərək, bu keyfiyyətlərin Qələbənin əldə olunmasında mühüm paya sahib olduğunu vurğulayıblar.
Qeyd olunub ki, düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Bu əzmkarlıq, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində və birgünlük lokal xarakterli antiterror əməliyyatlarında bir daha öz əksini tapıb. Vətən uğrunda çarpışan igidlərimiz erməni işğalçılarına qarşı əzmlə döyüşərək, torpaqlarımızı düşmən tapdağından qurtardılar və bizə uzun illər həsrətində olduğumuz doğma yurd yerlərimizi qaytardılar, ərazi bütövlüyümüzü təmin etdilər. Bu Qələbə həm xalqımızın güc və birlik simvoluna çevrildi, həm də gələcək nəsillərə milli ruh və vətən sevgisinin necə yenilməz gücə sahib olduğunu nümayiş etdirdi.
Ümumilikdə, 1500-dən çox gənci əhatə edən görüşlərdə qazilərimiz özlərinin keçdiyi döyüş yolu ilə yanaşı, silahdaşlarının qəhrəmanlıqlarını da iştirakçıların diqqətinə çatdırıblar. Qazilərin çıxışından sonra görüşlər sual-cavab formatında davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təşkilat tərəfindən hər il mütəmadi olaraq bu formatda görüşlər paytaxt Bakıda və regionlarda təşkil olunur.