Paytaxt məktəblərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd olunub
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə məlumat verilib. Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbət ilə yanaşdığını, Prezident İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.
“Xoşbəxt olsun uşaqlar”, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir”, “Hər bir uşaq bir çiçəkdir” adlı tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar, fləşmob, idman nömrələri nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.