Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonları İcra hakimiyyətləri tərəfindən paytaxtda yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, payız əkin mövsümü ilə əlaqədar Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətləri tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti ağacəkmə aksiyası təşkil edilib.
Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra strukturuna daxil idarələrin əməkdaşları iştirak ediblər.
Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkilib. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.