Pedaqoji Universitetdə Türkiyədə nəşr olunan kitabların sərgisi təşkil edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində yeni alınmış kitabların sərgisinin açılışı olub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Rektor Cəfər Cəfərov universitetdə aparılan sürətli yenilənmə işləri barədə məlumat verib. O bildirib ki, kitabxana fondunun müasir trendlərə uyğun şəkildə ən son ədəbiyyatlarla təchizi, xidmət infrastrukturunun yenilənməsi və elektron xidmətlərin təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir. Bu baxımdan son illər xarici dillərdə nəşr olunan təhsil tədqiqatları, təhsil menecmenti, psixologiyası, təlim metodlarına dair elmi əsərlərin alınması və tərcüməsi universitet rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Bu dəfə isə Türkiyədə nəşr olunan 74 adda ən son tədqiqat və digər dillərdən tərcümə əsərlər alınaraq universitetin müəllim və tələbələrinin ixtiyarına verilib.
Sərgi ilə tanışlıqdan sonra rektor və akademik heyət universitetin kitabxanası və inzibati binasında aparılan təmir-yenidənqurma işlərinin cari vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, sərginin bir neçə gün davam etməsi planlaşdırılır.