Pedru Proensa və Xavyer Tebas Avropa Futbol Liqası yaradılmasının əleyhinə olduqlarını bildiriblər
Lissabon, 5 sentyabr, AZƏRTAC
Bu gün Portuqaliyanın Oeyraş şəhərində “Soccerex” Beynəlxalq futbol forumu keçirilib. Tədbirdə çıxış edən Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa və İspaniya La-Liqasının prezidenti Xavyer Tebas Avropa Futbol Liqası yaradılmasının əleyhinə olduqlarını bildiriblər. Onların fikrincə, belə bir Liqa yaradılması klublar arasında narazılığa səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, İspaniya La-Liqasının prezidenti Xavyer Tebas deyib: “Yarımqapalı yarış yaradılması milli liqaları məhv edər. Futbol sənayesinin modernləşdirlməsi bu yolla gedə bilməz”.
Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa isə, öz növbəsində, sağlam rəqabətə şərait yaradan dialoqun zəruri olması fikri ilə razılaşdığını bildirib. O deyib: “Bizə gəlirlərin bölüşdürülməsi üçün sağlam rəqabətə şərait yaradan model lazımdır”.
Pedru Proensa televiziya hüquqlarının mərkəzləşdirilməsi məsələsinə də toxunaraq qeyd edib ki, İspaniya qanunvericiliyə əsasən bu hüquqlar mərkəzləşdirilib və bu nümunə Portuqaliya üçün də yararlı ola bilərdi.
Futbol sənayesi məsələlərinin müzakirəsi məqsədilə keçmiş oyunçular, komandaların nümayəndələri və digər agentlər üçün tədbirlər keçirən “Soccerex” təşkilatı 1995-ci ildən bu cür forumlar təşkil edir. Cari ildə təşkilat bu forumu ilk dəfə olaraq Portuqaliyada keçirib. Builki forumda 60-dan çox məruzəçi iştirak edir. Forum inkişaf etməkdə olan futbol bazarları mövzusuna həsr edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon