DÜNYA
Pekin məhkəməsi “Xiaofa” robotunu işə götürüb
Bakı, 2 noyabr, AZƏRTAC
“QIHAN” şirkətinin hazırladığı “Sanbot King Kong” robotu Pekin Xalq Məhkəməsində yeni əməkdaş qismində işə başlayıb. “Xiaofa” adlı robot iş yerinin tələblərinə uyğunlaşdırılıb və məhkəmə binasında xidmətlərin göstərilməsi ilə məşğuldur.
AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, “Xiaofa” 7 mindən çox qayda-qanunu yadda saxlamaqla onları izah edə bilir. Bununla da məhkəmə prosesi, qaydalar və əvvəlki dinləmələr barədə informasiya almaq istəyən insanlara kömək göstərir.
Məlumata görə, boyu 1,5 metr olan robot ona binada hərəkət etməyə və insanlarla ünsiyyət qurmağa imkan verən kamera və mikrofonlarla təchiz olunub. Nitqin tanınması da daxil olmaqla, Robotun intellektual əsasını “IBM Watson” və “Nuance” proqramları təmin edir.
“Xiaofa” robotlarının tətbiqindən həm işi asanlaşan məhkəmə əməkdaşları, həm də gözləmə vaxtı azalan insanlar faydalanır.
Bu il “Xiaofa” robotlarının daha bir neçə Çin məhkəməsində istifadəyə verilməsi nəzərdə tutulur. İstehsalçı “Sanbot King Kong” robotunun işi barədə ətraflı məlumatı yanvarda keçiriləcək “CES 2018” sərgisində təqdim etməyi planlaşdırır.