CƏMİYYƏT
Pensiyaçılar arasında keçirilən “Zəfər turniri” yekunlaşıb
Bakı, 1 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar arasında təşkil edilən şahmat üzrə “Zəfər turniri”nin final mərhələsi keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbir çərçivəsində istedadlı pensiyaçıların və mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi təşkil olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımları qeyd edib. 400-dən çox pensiyaçının qatıldığı, onların intellektual idman növü olan şahmat üzrə bacarıqlarını nümayiş etdirməsinə, həmçinin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edən “Zəfər turniri”nin əhəmiyyətini vurğulayıb.
İncəsənətin bir çox sahələrini əhatə edən “İstedadlı pensiyaçı” layihəsindən bəhs edilib. Pensiyaçılar arasında aktiv və sağlam həyat tərzinin təbliğinə, onlarda nikbinlik, özünəinam hissinin artmasına yönələn bu kimi layihələrin davam etdiriləcəyini vurğulayıb.
Turnirin qaliblərinə - I yeri tutan Həmzə İsmayılova, II yeri tutan Mehman Hacıyevə və III yeri tutan Tarıyel Bayramova diplom və mükafatlar, Aydın Ələkbərova həvəsləndirici mükafat, turnirin ən yaşlı fəal kişi iştirakçısı Vaqif Axundova və ən yaşlı fəal qadın iştirakçısı Fəridə Minlikeyevaya təşəkkürnamələr təqdim edilib.
“İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub. İstedadlı pensiyaçılardan ibarət ansambl musiqi proqramı ilə çıxış edib. Onların ifasında mahnılar, milli rəqslər, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqment təqdim olunub. Layihə iştirakçılarına təşəkkürnamələr verilib.