Pərviz Abubəkirov: İlin sonunadək regionlarda əsaslı şəkildə təmir olunmayan və ya yenidən tikilməyən bir xəstəxana da qalmayacaq VİDEO
Quba, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Son illərdə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Dövlətimizin başçısının tapşırığına əsasən, bu ilin sonuna qədər regionlarda əsaslı şəkildə təmir olunmayan və ya yenidən tikilməyən bir xəstəxana da qalmayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Quba Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.
“İlin sonunadək regionlardakı bütün səhiyyə müəssisələrində Quba Rayon Mərkəzi Xəstəxanasında olduğu kimi yüksək şərait yaradılacaq. Bütün xəstəxanalar ən yüksək, müasir standartlara cavab verəcək”,- deyə Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib.