Pirallahı rayonunun ümumtəhsil məktəblərində Dövlət Bayrağı Günü qeyd edilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Pirallahı rayonunun bütün ümumtəhsil məktəblərində ənənəvi olaraq 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilmişdir. Bayram tədbirlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, müəllimlər, valideynlər iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etmiş, yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz vermişlər.
186 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, sabitlik və davamlı inkişaf diyarına çevrilən ölkəmizin iqtisadi və siyasi qüdrəti sürətlə artmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır.
V.Səfixanov demişdir ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının, daha sonra isə Azərbaycanın dövlət bayrağı olaraq təsdiq edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Xalqımız bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir.
Çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə çatdırmış, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içmiş, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etmişlər.
Dövlət Bayrağı Günü ilə əlaqədar bayram tədbiri 29 nömrəli Pirallahı Uşaq Yaradıcılıq Mərkəzində də keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vəzir Səfixanov və Cəlil Mirzəyev, İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak etmişlər.
Mərkəzin yetirmələri bayraq və vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdirmişlər.