Pirallahıda 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin rəisi Daməd İmanov son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə edilmiş nailiyyətlərdən, o cümlədən Pirallahı rayonunda davam edən geniş abadlıq və quruculuq işlərindən danışmışdır.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycanın suverenliyinin rəmzi olan dövlət bayrağının tarixindən danışmışdır. O demişdir ki, bu gün Azərbaycan Respublikasının başı üzərində dalğalanan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında qaldırılmışdır.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirmişdir.
Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin baş mühəndisi Mirəli Vahabov, Yeni Azərbaycan Partiyası ilk partiya təşkilatının sədri Vaqif Abbasov və başqaları çıxış edərək Dövlət Bayrağı Gününün ölkəmizdə dövlət bayramları sırasında özünəməxsus yer tutduğunu, bu günün gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, bayrağımızın tezliklə doğma Qarabağımızda dalğalanacağına əminliyini bildirmişdir.
Sonda Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin 21 əməkdaşı Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişdir.