Pirallahıda “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda tədbir keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Bakının Pirallahı rayonu Gənclər Mərkəzində rayon icra hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qızıl Aypara Cəmiyyəti “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru, tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova, Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva, "Sağlamlığa xidmət" İctimai Birliyinin sədri, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı çıxış edərək ölkəmizdə vərəmlə əlaqədar mövcud vəziyyətin maraqlı tərəflərin iştirakı ilə müzakirə edildiyini, infeksion xəstəliklərin qarşısının alınmasına xüsusi əhəmiyyət verildiyini, o cümlədən vərəmə qarşı mübarizə məsələlərinin diqqət mərkəzində saxlanıldığını qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə kütləvi profilaktik və səyyar skrininq müayinələr həyata keçirilir.
Tədbirin yekununda “Sağlamlığa xidmət” İctimai Birliyinin həkimi, monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Samirə Muxtarova tərəfindən müayinələr aparılıb.