Polis əməkdaşları Saatlıda velosiped istifadəçilərinin maarifləndirilməsi məqsədilə reyd keçiriblər
Bakı, 27 avqust, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir. Gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb. Eyni zamanda, polis əməkdaşları hər bir velosiped istifadəçisinə koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə geniş məlumat verib, onlara tibbi maskalar paylayıblar.