POLŞA PREZİDENTİNİN XANIMI BAKI SLAVYAN UNİVERSİTETİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti Lex Kaçinskinin xanımı, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Mariya Kaçinski iyunun 10-da Bakı Slavyan Universitetində professor-müəllim heyəti ilə görüşmüşdür. BSU-nun Polşa Mədəniyyəti Mərkəzində Polonistika şöbəsinin tələbələri hörmətli qonağı polyak dilində salamlamışlar. Onlar mahnılar ifa etmiş, polşalı şairlərin şeirlərini oxumuşlar.
M.Kaçinskaya Azərbaycanın təbiəti haqqında sənədli film göstərilmiş, tələbələr Polşa universitetlərində təcrübə keçmələri haqqında təəssüratlarını söyləmişlər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev M.Kaçinskaya və onu müşayiət edən şəxslərə BSU ilə Polşa universitetləri arasında əlaqələr, Polonistika şöbəsinin və Polşa Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat vermiş, bu əlaqələrin möhkəmlənməsinə göstərdikləri köməyə görə Polşanın Bakıdakı səfirinə və Azərbaycanın Varşavadakı səfirinə minnətdarlığını bildirmişdir.
Polşanın birinci xanımı səmimi qəbul üçün təşəkkürünü bildirmişdir. O, Bakıya ikinci dəfə gəldiyini vurğulayaraq Azərbaycan xalqının qonaqpərvərliyinə və gözəlliyinə heyran olduğunu qeyd etmişdir. M.Kaçinska Polşa Mədəniyyəti Mərkəzinə polyak dilində kitablar və dərsliklər bağışlamış, tələbələrin suallarına cavab vermişdir.
######
