Polşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi qeyd olunmuşdur
Bakı, 16 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi münasibətilə Polşanın Piotrkov Tribunalski şəhərindəki Jan Koxanovski adına Universitetdə “Polyak Memarları Azərbaycanda” adlı fotosərgi təşkil olunmuşdur.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərginin açılışında səfir Həsən Həsənov, Piotrkov Tribunalski şəhərinin meri Kşıştof Xoyniak, Piotrkov Trıbunalski Povyatının başçısı Stanislav Çubala, Yan Koxanovski adına Universitetin rektoru, professor Zıqmunt Matuşak, universitetin müəllim və tələbələri iştirak etmişlər.
Tədbirin əhəmiyyətindən danışan H.Həsənov fotosərginin təşkil olunmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin yüksək yaradıcılıq qabiliyyətlərini xüsusi vurğulamışdır.
Professor Zıqmunt Matuşak sərgidə nümayiş olunan, polyak memarlara həsr olunmuş fotoşəkillərin yüksək bacarıqla hazırlanmasının təqdirəlayiq olduğunu bildirmişdir. O, sərginin hazırlanmasına və təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevə və tədris ocağının tələbələrinə təşəkkür etmişdir.