“PORTA-2013” musiqi festivalında Azərbaycan muğamı ifa edilmişdir
Riqa, 11 noyabr (AZƏRTAC). Riqada “PORTA-2013” beynəlxalq musiqi festivalı başa çatmışdır. Bu il Şərq mədəniyyətinə həsr olunmuş festivalda Hindistan, İsrail, Azərbaycan və Latviyadan olan musiqiçilər iştirak etmişdir. Festivalda orijinal musiqi kompozisiyaları, məsələn klassik hind musiqisi ilə Qərb ritmlərinin (caz, etno), latış daynaları ilə Azərbaycan muğamlarının sintezindən ibarət musiqi nömrələri səslənmişdir.
Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə bu festivala qatılmış gənc muğam ifaçısı Leyla Əliyeva öz çıxışını 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı gününə həsr etmişdir.
Leyla Əliyevanın təqdim etdiyi “Bəyaz səslər” adlı nadir innovasion musiqi layihəsi iki mədəniyyətə xas olan xalq musiqisinin - latış daynaları ilə Azərbaycan muğamının sintezidir.
Festivalda mahir kaman ifaçısı Bayraməli Əliyev də çıxış etmişdir. Yeri gəlmişkən Bayraməli Əliyev Bakıdan məxsusi bu tədbirdə çıxış etmək üçün dəvət olunmuşdu.
Tamaşaçılar arasında Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, səfirliyin əməkdaşları, Latviya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri də vardı.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa