DÜNYA
Praqada vaksinasiya əleyhinə mitinq keçirilib
Praqa, 10 yanvar, AZƏRTAC
Praqanın mərkəzində koronavirusa qarşı məcburi vaksinasiya əleyhinə kütləvi mitinq keçirilib.
AZƏRTAC polisin məlumatına istinadla xəbər verir ki, 3 minə Praqa sakini hökumətin məcburi qaydada vaksinasiyadan keçmək tələbinə etirazını bildirmək üçün paytaxtın mərkəzində yerləşən Vatslav meydanına çıxıb.
Aksiya iştirakçıları şəhərin mərkəzi küçələri ilə Praqa Qradında yerləşən prezident iqamətgahına qədər yürüş keçiriblər. Onlar əllərində “Biz təcrübə dovşanları deyilik!”, “Vaksin biznesdir!”, “Daha bezmişik!”, “Azadlığımızı əlimizdən almayın!”, “Qanunsuz vaksinasiyaya son!” sözləri yazılmış transparantlar tutublar. Etirazçılar maska rejimindən də narazı olduqlarını bildiriblər. Onların fikrincə, maskalar virusdan qorunmağa kömək etmir, sağlamlığa yalnız ziyan vurur.
Eyni zamanda, araşdırmalar göstərir ki, indiki vəziyyətdə pandemiyaya və ölüm statistikasının yüksək olmasına qarşı ən yaxşı mübarizə vasitəsi məhz vaksinasıyadır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa