Prezident İlham Əliyev: Biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik
Bakı, 13 aprel, AZƏRTAC
“Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr elə icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Bax, buna da çox ciddi fikir vermək lazımdır. Çünki azad edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
“İşğal dövründə çaylarımız da ekoloji terrora məruz qalmışdır, çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı ekoloji terror törədilmişdi. Qışda isə buraxırdılar ki, o da daşqınlara səbəb olurdu”, - deyə dövlətimizin başçısı vurğulayıb.