Prezident İlham Əliyev: Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir
Bakı, 12 may (AZƏRTAC). Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə demişdir.
Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində respublikamızın bu gün uğurla inkişaf edən ölkəyə çevrildiyini bildirmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, o illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir.
Azərbaycanın müstəqil yaşaması üçün neft müqavilələrinin müstəsna rolunu vurğulayan dövlətimizin başçısı demişdir ki, bu kontraktlar nəticəsində ölkə iqtisadiyyatına milyardlarla dollar vəsait qoyulmuşdur. Azərbaycan etibarlı tərəfdaş kimi özünü dünya birliyinə təqdim edə bilmişdir. Təbii resurslarımızın işlənilməsi, nəqli, ixracı nəticəsində biz iqtisadi müstəqillik qazana bilmişik. İqtisadi müstəqillik isə dövlət müstəqilliyinin əsasıdır. Məhz 1990-cı illərdə biz bu nailiyyətlərə çata bildik və bu uğurları bu gün davam etdiririk. Ölkəmizdə bütün istiqamətlər üzrə çox böyük abadlıq-quruculuq işləri aparılır, sürətli inkişaf gedir.