Prezident İlham Əliyev: Hərbi cinayətkar və xəyanətkar Serjik çox alçaq xislətli bir ünsürdür
Bakı, 4 oktyabr, AZƏRTAC
Serjik hərbi cinayətkardır. Bunu təkcə mən demirəm, bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. Britaniyalı jurnalistə verdiyi müsahibədə demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində çıxışı zamanı Serjik Sarkisyanın qanlı cinayətləri və xəyanətləri barədə danışarkən səsləndirib.
“O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi”, - deyə Prezident bildirib.
Prezident İlham Əliyev deyib ki, Serjik Sarkisyan onun rəhbəri olan Köçaryana qarşı da xəyanət edib: “Serjiki qulağından tutub vəzifələrə gətirən Köçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür”.