Prezident İlham Əliyev: Maraqlar balansı olmasaydı, Cənub Qaz Dəhlizi həyata keçirilə bilməzdi
Bakı, 29 may, AZƏRTAC
Maraqlar balansı olmasaydı, Cənub Qaz Dəhlizi həyata keçirilə bilməzdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində deyib.
“4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”, - deyə ölkə başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək: “Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar”.
Dövlətimizin başçısı əlavə edib ki, hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik: “İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək”.