“PREZİDENTİN ÖLÜMÜ” FİLMİNİ TORONTODA ALQIŞLARLA QARŞILADILAR
Britaniyalı rejissor Qabriel Rencin çəkdiyi 93 dəqiqəlik filmi min nəfərlik auditoriya alqışlarla qarşılamışdır. Seansdan sonra rejissor mətbuat konfransı keçirərək demişdir ki, ABŞ Prezidentinin partiyadaşlarının qızğın etirazlarına səbəb olan film Çikaqoda çəkilib və çəkiliş qrupu bunun üçün şəhərin rəhbərliyindən icazə almışdır. Filmin məsləhətçisi Federal Təhqiqat Bürosunun istefadakı zabitidir.
Xatırladaq ki, arxivdə saxlanılan sənədli kadrların və qurma epizodların kompilyasiyası olan filmin süjetinə görə, Corc Buş 2007-ci ildə Çikaqoda müharibə əleyhinə nümayiş zamanı öldürüləcəkdir. Buraya o, yerli biznesmenlərlə görüşməyə gələcəkdir. Prezidenti suriyalı snayper qətlə yetirəcəkdir.
Rejissorun sözlərinə görə, prezident təyin edilən Dik Çeyninin Buşun tabutu yanında matəm nitqi söylədiyi epizodlar üçün xüsusi effektlər yaradılması ən çətin proses olmuşdur.
Filmin yaradıcılarının fikrincə, lentin başlıca məqsədi Prezidentin öldürülməsini nümayiş etdimək deyildir. Film Buş hökumətinin apardığı siyasətlə əlaqədar Amerika cəmiyyətində baş vermiş dramatik dəyişiklikləri yalnız əyani şəkildə nümayiş etdirir.