Professor Adilə Abbasova: Zəngilanda keçirilən görüş bizə qürur hissi yaşatdı
Bakı, 25 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Görüş iştirakçılarından biri - professor Adilə Abbasova bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
Bu görüş həyatımızın ən gözəl, möhtəşəm, unudulmaz günü idi. Görüş zamanı sevincimizin, qürurumuzun hüdudu yox idi. Görüş çox səmimi, mehriban şəraitdə keçdi. Sözlə ifadə etmək çətindir, bu hissləri yaşamaq lazımdır. Zəngilan barədə hər kəs səmimi söhbət edirdi. İşğaldan əvvəlki Zəngilan və işğal dövründə rayonun tamamilə dağıdılması haqqında, eləcə də bu gün həyata keçirilən tikinti-quruculuq işlərindən danışılırdı.
Biz dağıdılmış Dağüstü Parkın yanından başlayaraq rayon mərkəzinə doğru gedərkən Zəngilanın bərəkətli torpağından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya danışırdıq. O, bizi çox maraqla dinləyirdi. Zəngilan torpağında keçirilən bu görüş bizə böyük qürur verdi. Bütün bunların səbəbkarı Azərbaycanı qalib dövlətə çevirən, xalqımızın başını uca edən Prezident İlham Əliyevdir. Bu xoşbəxt günü bizə bəxş etdiyi üçün dövlətimizin başçısına minnətdarıq. Biz Azərbaycan xalqının övladı olmağımızla fəxr edirik.
Lider-xalq-ordu birliyi sayəsində zəfər qazandıq. Bir ildir ki, sevincli, şərəfli günlərimizi yaşayırıq. Qalib xalq kimi fəxr edirik. Bu məqamda Prezident İlham Əliyev haqqında ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikri yada salmaq yerinə düşər: “Mən ona özüm qədər inanıram və onun gələcəyinə çox böyük ümid bəsləyirəm”. Ulu Öndərin bu fikirlərinin hər keçən gün öz təsdiqini tapdığının və İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi oluruq.
“Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz o torpaqlara qayıdacağıq”. Bu sözləri öz çıxışlarında dəfələrlə qeyd edən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevə və xalqımıza verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqımıza inanaraq Zəfər qazandı. Ərazi bütövlüyümüz bərpa edildi.
Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycan xalqının “Dəmir yumruq” ətrafında birləşməsi tarixidir. Erməni mifinin dağıdılmasının başlanğıc ərəfəsidir. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat idi. Bu, bizim şanlı qələbəmizdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sözləri ilə desək, bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir. Zəngilanda “Qarabağ şikəstəsi” səsləndi.
Tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyev qurucu lider, sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.
A.Abbasova deyib: “Mən bu torpaqda doğulmuşam, uşaqlıq illərim burada keçib. Sosialist Əməyi Qəhrəmanı Ziyad Məmmədovun qızıyam. Atam 1940-cı ildən 1953-cü ilədək Zəngilan rayonu İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Müharibə illərində və sonra da quruculuq işləri ilə məşğul olub. İbtidai təhsilimi Zəngilan rayonunun Pirçivan qəsəbəsində almışam. Sentyabrın 27-dən başlanan Vətən müharibəsində torpaqlarımızın azad olunması xəbərlərini eşidəndə qürur duyurdum. Bütün şəhər və rayonlarda bayram sevinci yaşanılırdı.
Oktyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğu xəbər 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlıların ürəyini sevinclə doldurdu. Onların sevincini heç bir sözlə ifadə etmək mümkün deyil. Biz artıq Zəngilandayıq.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı!”