Prokurorluq əməkdaşları Filarmoniyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Bakı, 30 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü əlaqədar dekabrın 30-da prokurorluq əməkdaşları Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə, həmçinin Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə Baş prokuror yanında Elm-Məsləhət Şurasının üzvləri, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları, eləcə də media subyektləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 2023-cü ildə prokurorluq orqanları tərəfindən dahi şəxsiyyətin əziz xatirəsinin yad edilməsi məqsədilə həyata keçirilmiş silsilə tədbirlərdən danışıb. Bu ilin Azərbaycan dövləti və xalqı üçün olduqca uğurlu olduğunu, Prezidentin rəhbərliyi ilə qazanılan qələbələr nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edildiyini, tarixi Azərbaycan torpaqlarında, o cümlədən Xankəndi şəhərində üçrəngli bayrağımızın dalğalanmağa başladığını vurğulayıb, prokurorluq əməkdaşlarını, həmçinin tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara növbəti ildə fəaliyyətlərində uğurlar arzulayıb.
Konsertdə solistləri bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
Tədbirdə zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə gəncləri arasında səmimi və mehriban ünsiyyətin qurulması üçün əlverişli fürsət yaranıb.