Prokurorluq əməkdaşlarının nəzəri bilik səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır
Bakı, 25 avqust, AZƏRTAC
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və qazandıqları biliyi təcrübədə tətbiqi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.
Qabaqcıl tədris mərkəzlərindən biri olmaqla, təsis edildiyi 2010-cu ildən bu günədək 120 ölkənin mindən artıq mütəxəssisinin məzun olduğu Beynəlxalq Şəffaflıq Məktəbi tərəfindən təşkil edilən videoformatda keçirilmiş təlim kursunda dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 20-dən çox ekspert, müxtəlif ölkələrdən 130 iştirakçı ilə yanaşı, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elşən Orucov da iştirak edib.
Altı gün davam etmiş təlim kursunda COVID-19 pandemiyasının müxtəlif sahələr, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsi üzərindəki mənfi təsirləri, mütəşəkkil cinayətkarlıq, pandemiya dövründə biznes inteqrasiyasının təmin edilməsi, rəqəmsallaşan dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə kimi aktual mövzular müzakirə olunub. Həmçinin pandemiya dövründə dövlət orqanlarının fəaliyyətində və özəl sektorda şəffaflığın təmin edilməsi məqsədilə əhəmiyyətli təkliflər irəli sürülüb, faydalı fikir mübadiləsi aparılıb.