PROKURORLUQ ORQANLARINA İŞƏ QƏBULLA BAĞLI MÜSABİQƏNİN İKİNCİ MƏRHƏLƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkəmizin Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 150 ştat vahidi üzrə müsabiqə elan etmişdir.
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 368 namizəd üçün test imtahanı 2008-ci il mayın 31-də keçirilmiş və 192 namizəd müsabiqənin ikinci mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququnu qazanmışdır.
Yazılı imtahan 2008-ci il iyulun 26-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5). İmtahan saat 10-da başlanacaq və 14-də qurtaracaqdır.
Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilmə qaydası barədə ətraflı məlumat «”Yaddaş kitabçası”nda verilmişdir.
İmtahana buraxılmış namizədlər “Yaddaş kitabçası”nı və “Yazılı imtahana buraxılış vərəqəsi”ni iyulun 23-24-də saat 9-dan 18-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi,7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.
Əlavə məlumatı 492-62-23, 492-35-59 və 492-39-95 nömrəli telefonlarla əldə etmək olar.