PROQNOZLAR ÖZÜNÜ DOĞRULDUR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il 66,7 min hektar sahəyə çiyid səpilmişdi. Vegetasiya dövründə havaların qeyri-sabit keçməsi, xüsusilə Kür-Araz çaylarının daşması nəticəsində pambıq əkinlərinə güclü ziyan dəymişdir. Ona görə də fermerlər 6 min hektarda təkrar səpin keçirərək, əlavə aqrotexniki tədbirlər görmüşlər. Hazırda yığım mütəşəkkil gedir. Proqnozlara görə, bu il sahələrdən 90 min ton məhsul gözlənilir. İndiyədək 82 min tona yaxın məhsul tədarük olunmuşdur. Ötən il isə cəmi 80 min 428 ton pambıq istehsal edilmişdi. Yığımda Ağdam, Ağdaş, Füzuli, Saatlı, Neftçala, Beyləqan, Tərtər, Hacıqabul, İmişli, Ağcabədi rayonları irəlidə gedirlər. Ağsu rayonunun pambıqçıları isə bu günədək emal müəssisələrinə 1150 tona yaxın məhsul təhvil vermişlər ki, bu da əvvəlki ildəkindən iki dəfədən də çoxdur.
Ötən illə müqayisədə qazanılmış uğurların başlıca səbəbi bu sahə ilə məşğul olan səhmdar səmiyyətlərinin torpaq mülkiyyətçiləri ilə sıx əməkdaşlığıdır. Onlar bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, pambıqçı fermerlərlə hər iki tərəfi təmin edən müqavilələlər bağlayır və istehsalçıları avans şəklində toxum materialı, gübrə, pestisidlər, yanacaq, texnika və nəqliyyat vasitələri ilə təmin edirlər. Məhsulun təhvili zamanı qarşılıqlı hesablaşma aparılır.
Dünya bazarında mahlıcın qiymətinin nisbətən artması ilə əlaqədar səhmdar cəmiyyətləri xam pambığın hər kiloqramının satınalma qiymətini 100-200 manat qaldırmışlar.