“PROQRESS” MÜSABİQƏSİNİN QALİBLƏRİ ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Əyləncə Mərkəzində “Proqress” müsabiqəsinin “2007-ci ilin Azərbaycan-Rusiya ticarət-iqtisadi münasibətlərinin ən yaxşı iştirakşısı” adına layiq görülmüş qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.
Rusiyanın Azərbaycandakı səfirliyinin, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının təşkilatçılığı ilə keçirilmiş müsabiqədə Azərbaycan və Rusiyadan 50-dən cox şirkət iştirak etmişdir.
Mərasimi açan Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov vurğulamışdır ki, bütün sahələrdə olan münasibətlər əməkdaşlığı hərtərəfli möhkəmləndirmək xəttinin alternativsiz olduğunu bir daha təsdiqləyir. Bu, intensiv, etimada söykənən siyasi dialoq, artmaqda olan ticarət-iqtisadi əlaqələr xəttidir.
V.İstratov Rusiya-Azərbaycan münasibətlərinin inkişafına toxunaraq demişdir ki, Rusiya Azərbaycanla bundan sonra da əməkdaşlıq edəcəkdir, çünki onu Cənubi Qafqaz regionunda özünün mühüm tərəfdaşı hesab edir. “Biz görürük ki, Azərbaycan regionda ən güclü ölkədir, üstəlik, heyrətamiz sürətlə inkişaf edir, yüksəlir. Sevinirik ki, Azərbaycan xalqı bu cür sürətli iqtisadi inkişaf üçün özünə normal model təmin edə bilmişdir.
Diplomat vurğulamışdır ki, Azərbaycan ilə Rusiyanı bir-birinə bağlayan təkcə iqtisadi və yaxud mədəni, insani əlaqələr deyildir. Rusiyada çoxsaylı azərbaycanlı yaşayır və işləyir. Onlar öz əməyi ilə Rusiya-Azərbaycan dostluğunun inkişafına və möhkəmlənməsinə böyük töhfə verirlər. Bu icma iki ölkə arasında sıx əlaqə yaradır.
Mərasimdə çıxış edən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə və başqaları bildirmişlər ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr genişlənir. Xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq münasibətlərin indiki inkişaf mərhələsində və dünya siyasətində getdikcə daha əhəmiyyətli amilə çevrilir. Bu, ölkəmizdə daxili sabitliklə, yüksək və davamlı iqtisadi artım sürəti ilə şərtlənir.
Sonra 16 nominasiya üzrə müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Mərasim konsert proqramı ilə başa çatmışdır.