Prorektor: Elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi AzMİU-nun strateji prioritetlərindən biridir
Bakı, 23 iyun, AZƏRTAC
Bugünkü konfrans müxtəlif ölkələrdən alimləri bir araya gətirərək riyaziyyat və mexanika sahələrində aktual elmi problemlərin müzakirəsinə və yeni tədqiqat istiqamətlərinin formalaşdırılmasına geniş imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” mövzusunda II beynəlxalq konfransın açılış mərasimində AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova söyləyib. Professor bildirib ki, bu il konfransa 22 ölkədən təqdim olunan 178 elmi məruzənin proqram komitəsi tərəfindən qəbul edilməsi tədbirin yüksək elmi səviyyəsini və beynəlxalq nüfuzunu nümayiş etdirir. Onun sözlərinə görə, məruzələrin 82-nin xarici həmmüəlliflərlə hazırlanması elmi əməkdaşlığın güclənməsinə və qlobal elmi şəbəkənin genişlənməsinə xidmət edir.
O əlavə edib ki, konfransda riyaziyyat, mexanika və onların tətbiqləri üzrə əldə olunan ən son elmi nəticələrin təqdim olunması elm və təhsilin inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Nigar Aslanova vurğulayıb ki, belə beynəlxalq tədbirlər gənc tədqiqatçıların elmi mühitə inteqrasiyasına, təcrübə mübadiləsinə və yeni ideyaların formalaşmasına mühüm töhfə verir.
Professor Nigar Aslanova, həmçinin qeyd edib ki, AzMİU-da elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi universitetin əsas strateji prioritetlərindən biridir və bu istiqamətdə həyata keçirilən layihələr gələcəkdə daha geniş beynəlxalq əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır. O, iştirakçılara uğurlar arzulayaraq konfransın işinə müvəffəqiyyətlər diləyib.