Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var
Saatlı, 23 iyun, AZƏRTAC
Mil-Muğan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı üçün geniş suvarma infrastrukturu yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə bildirib.
O deyib ki, hazırda Beyləqan rayonunda 51 min 356 hektar, İmişlidə 58 min 714 hektar, Saatlıda 59 min 124 hektar və Sabirabadda 71 min 240 hektar olmaqla, agentliyin xidmət göstərdiyi ərazilərdə ümumilikdə 240 min 434 hektar suvarılan sahə var. Bu sahələrin su təminatının həyata keçirilməsi məqsədilə 6704 kilometr suvarma şəbəkəsi, 213 nasos stansiyası, 100-dən artıq subartezian quyusu, 19 min 500 hidrotexniki qurğu və digər obyektlər istismar olunur.
Müxbir - Aydın Yavərzadə