Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
Bakı, 23 iyun, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatında tarix elmləri doktoru, professor Habil Məmmədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl yubilyar və qonaqlar Kürdəmir rayon Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli qonaqlarla görüşüb. Görüş zamanı professor Habil Məmmədovun elmi-pedaqoji fəaliyyəti, eləcə də Kürdəmir rayonunun ziyalılarının ölkənin ictimai və elmi həyatına verdikləri töhfələr barədə fikir mübadiləsi aparılıb.
Yubiley tədbirində filialın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı professor Habil Məmmədovun həyat və fəaliyyətindən bəhs edib. Bildirilib ki, alim 2 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 1 tərcümə kitabı, 80-dən çox elmi məqalə və konfrans materialı, həmçinin proqram və metodik vəsaitlərin müəllifidir. Onun elmi əsərləri müxtəlif ölkələrdə nəşr olunub. Qeyd edilib ki, Habil Məmmədov Bolqarıstanın, Ukraynanın, Polşanın və digər slavyan ölkələrinin tarixinə dair ana dilində ilk dərslik və dərs vəsaitlərinin hazırlanması ilə ölkədə slavyanşünaslığın inkişafına mühüm töhfə verib.
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru filologiya elmləri doktoru Fikrət Cahangirov çıxışında yubilyarın 30 ildən artıq müddətdə ali təhsil müəssisələrində səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. O, Habil Məmmədovun tarix, etnologiya, beynəlxalq münasibətlər və geosiyasət sahələrində yüzlərlə mütəxəssisin yetişməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Qafar Cəbiyev isə alimin tarix elminin inkişafına, ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və gənc nəslin formalaşmasına verdiyi töhfələrdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Habil Məmmədovun müəllimi Həcər Məmmədova, Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin müdiri Altay İslamzadə, gənc tədqiqatçı Nuralı İsmayılov, yubilyarın qardaşı Fikrət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Abduləziz Xanəhmədoğlu və şəhid anası Simuzər Bağıyeva onun zəngin elmi fəaliyyəti ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərini, vətənpərvərliyini və ictimai fəallığını xüsusi vurğulayıblar.
Onlayn formatda tədbirə qoşulan Ukrayna Dövlət Regionlararası İdarəetmə Akademiyasının professoru Azad Ömərov, tarix elmləri doktoru, professor Nərgiz Əliyeva və İradə Ömərova da yubilyar haqqında xoş fikirlərini bölüşərək ona fəaliyyətində uğurlar arzulayıblar.
Sonda professor Habil Məmmədov göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını ifadə edib.