Azərbaycanda pambıq istehsalı üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması əsas hədəflərdəndir
Qax, 23 iyun, AZƏRTAC
Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu mexanizm həm fermeri texnologiyadan istifadəyə təşviq edir, həm də emal müəssisələri ilə istehsalçı arasında əlaqəni gücləndirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Bunun üçün toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir.
“Pambıq istehsalı üzrə 15 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı və lazer hamarlama imkanları daha yüksəkdir. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.
Müxbir – Mustafa Dadaşov