Rəqabətqabiliyyətli insan kapitalından səriştəəsaslı dövlət idarəçiliyinə doğru
Bakı, 23 iyun, AZƏRTAC
Müasir dövrdə dövlətlərin rəqabət üstünlüyü yalnız iqtisadi göstəricilər, təbii resurslar və ya texnoloji imkanlarla müəyyən olunmur. Davamlı inkişafın əsas şərtlərindən biri peşəkar insan kapitalının formalaşdırılması və onun səmərəli idarə edilməsidir. Dövlət qulluğu sistemi də hər bir ölkənin institusional dayanıqlığını təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edir. Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında insan kapitalının prioritet istiqamət kimi müəyyən edilməsi də təsadüfi deyil. Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına çevirməliyik" fikri artıq yalnız iqtisadi inkişaf modelini deyil, dövlət idarəçiliyində həyata keçirilən islahatların da əsas fəlsəfəsini ifadə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu yanaşma dövlət qulluğunda kadr siyasətinə də yeni məzmun qazandırıb. Əgər əvvəlki mərhələlərdə əsas diqqət vakant vəzifələrin tutulmasına yönəlirdisə, bu gün əsas məqsəd rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, dövlət idarəçiliyinin bütün səviyyələri üçün peşəkar kadr ehtiyatının yaradılması və səriştəəsaslı idarəetmə modelinin qurulmasıdır.

DİM sədri vurğulayıb ki, hazırda dövlət qulluğuna qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin statistikası da bu dinamikanı əks etdirir: “Yalnız 2026-cı ilin yanvar-iyun aylarında dövlət qulluğuna qəbul üzrə 3491 müsahibə keçirilib. Ötən ilin eyni dövründə bu göstərici 2907 olub. Müsahibələrdə iştirak edən namizədlərin sayı 2291 nəfərdən 2797 nəfərə, uğurlu nəticə ilə başa çatan müsahibələrin sayı 1039-dan 1443-ə, müsahibələrdə uğur qazanan şəxslərin sayı isə 988-dən 1374-ə yüksəlib. Qeyd edək ki, dövlət qulluğuna qəbul üzrə test mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə keçid etmiş namizədlər birdən artıq müsahibələrdə iştirak edə bilirlər”.
Müsahibimiz qeyd edib ki, 2016-cı ildə dövlət qulluğu üzrə kadr seçiminin Dövlət İmtahan Mərkəzinə həvalə edilməsindən sonra qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilib: “Test imtahanlarının məzmunu mütəmadi olaraq yenilənib, elmi-texnoloji və qanunvericilik sahələrində baş verən dəyişikliklər imtahan proqramlarına inteqrasiya olunub, test bankları yeni model tapşırıqlarla zənginləşdirilib. Qiymətləndirmə prosesinin təşkili də rəqəmsal həllərlə genişlənib. Gün ərzində 80 onlayn müsahibə keçirmək mümkündür. 2020-ci il 1 iyul tarixindən etibarən ümumilikdə 34 min 768 onlayn müsahibə təşkil olunub”.

M.Abbaszadə bildirib ki, son illərdə hazırlanmış səriştə modeli dövlət qulluqçularının peşə fəaliyyətində zəruri hesab olunan davranış və bacarıqların sistemləşdirilməsinə əsaslanır: “Bu məqsədlə müxtəlif idarəetmə səviyyələri üzrə dövlət qulluqçuları ilə müsahibələr aparılıb, iş prosesində müşahidə olunan davranış nümunələri təhlil edilib, nəticədə dörd klaster üzrə on iki əsas səriştə və hər idarəetmə səviyyəsi üçün müvafiq davranış indikatorları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı bu indikatorlardan istifadə namizədin yalnız bilik səviyyəsini deyil, konkret vəzifənin tələblərinə uyğun peşəkar potensialını da nəzərə almağa imkan verir.
Dövlət qulluğuna qəbulun ilk mərhələsi olan imtahanlarda da rəqabət yüksək olaraq qalır. 2026-cı ilin yanvar-iyun aylarında keçirilmiş 6 imtahanda 8045 namizəd iştirak edib, 2292 sertifikat təqdim olunub, 1991 vətəndaş dövlət qulluğu üzrə sertifikat əldə edib”.
Sədrin sözlərinə görə, qarşıdakı mərhələdə əsas hədəf bu gün namizədin yalnız biliyini qiymətləndirmək deyil, həm də onun sabah dövlət idarəçiliyinə hansı dəyəri qata biləcəyini müəyyənləşdirməkdir.

Dövlət qulluğunun gələcəyi artıq yalnız imtahan otağında deyil, düşüncə tərzində formalaşır. Səriştəyə əsaslanan seçim, rəqəmsal qiymətləndirmə alətləri, davranış indikatorları və istedadyönümlü yanaşma eyni məqsədə xidmət edir. Məqsəd dövlət idarəçiliyinə yalnız bilikli deyil, eyni zamanda, qərar verməyi, məsuliyyət daşımağı və müxtəlif situasiyaları idarə etməyi bacaran insanlar cəlb etməkdir.
Elə 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramının əsas prinsipi və verdiyi mesaj da bundan ibarətdir: güclü dövlət institutlarının əsasında güclü insan kapitalı dayanmalıdır.