Deputat: Müasir çağırışlar İƏT üzvü dövlətləri arasında praktiki əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini tələb edir
Bakı, 23 iyun, AZƏRTAC
İnsan hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların inkişafı və rifahı üçün əlverişli şəraitin yaradılması ölkələrimizin əsas prioritetlərindən biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində keçirilən İnsan Hüquqları, Qadın və Ailə üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O qeyd edib ki, müasir çağırışlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsini deyil, həm də İƏT üzv dövlətləri arasında praktiki əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini tələb edir. “Uşaq hüquqlarının müdafiəsinə, keyfiyyətli təhsil, səhiyyə və sosial müdafiəyə çıxışın təmin edilməsinə, həmçinin sabit və firavan cəmiyyətin təməlini təşkil edən ailə dəyərlərinin qorunmasına xüsusi diqqət yetirilməlidir. Əminəm ki, qabaqcıl təcrübə mübadiləsi və Komitə çərçivəsində birgə səylərimiz vətəndaşlarımızın ehtiyac və gözləntilərinə cavab verən səmərəli həllərin hazırlanmasına töhfə verəcək”, - deyə deputat bildirib.