Dövlət Turizm Agentliyinin sədri: AQEM məkanında yerləşən ölkələr eyni çağırışlarla üz-üzədir
Bakı, 23 iyun, AZƏRTAC
Turizm iqlim dəyişikliklərinin təsirlərinə məruz qalan həssas sahələrdən biridir. Qlobal iqlim dəyişikliyinin fonunda temperatur dəyişiklikləri, su ehtiyatlarının azalması, ekstremal təbiət hadisələri və ekosistemlərin deqradasiyası bir sıra turizm ölkələrinə təsir göstərir. Bu səbəbdən dünya üzrə turizmin gələcəyi sağlam ətraf mühitdən, qorunan təbii sərvətlərdən və dayanıqlı inkişaf prinsiplərindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda agentliyin və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"AQEM məkanında yerləşən ölkələr zəngin mədəni irsə, müxtəlif təbii landşaftlara və böyük turizm potensialına malikdir. Bununla yanaşı, biz hamımız eyni çağırışlarla üz-üzəyik. Bunlar iqlim dəyişiklikləri, resursların tükənməsi riski, artan ziyarətçi təzyiqi və turizmin dayanıqlı modellərə keçid ehtiyacıdır. Bu çağırışları qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və birgə yanaşmalarla həll edə bilərik", - deyə o qeyd edib.