Qafqaz Universitetində Türkiyə Respublikasının 90 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Vaxtilə Xalq Şairi Xəlil Rza Ulutürk dünyaya örnək ola biləcək bir türk dünyası qurulması arzusu ilə yazmışdı:
Məsləki varlığından, min qat böyükdür, böyük -
Böyüklüyün rəmzidir Dədə Heydər - Atatürk.
Qafqaz Universitetində Türkiyə Respublikasının yaradılmasının 90-cı ildönümünə və böyük Mustafa Kamal Paşa Atatürkün xatirə gününə həsr olunmuş “Türkiyə Cümhuriyyəti 90 yaşında!” ədəbi-bədii tədbirinin aurası da elə bu ruhda di.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə Respublikasının İstiqlal marşının oxunması ilə başlanan tədbirdə bu günün həm Azərbaycan, həm də türk xalqı üçün əlamətdar və fərəhli olduğu xüsusilə vurğulanmışdır.
Türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində qazanılan qələbəyə həsr olunmuş mahnılarda, şeirlərdə Türkiyə Respublikasının yaranma tarixinə, keçdiyi şərəfli yola, əldə etdiyi uğurlara işıq tutulmuşdur. Sürəkli alqışlarla müşayiət olunan rəqs kollektivinin “Çırpınırdın, Qara dəniz” kompozisiyası proqrama xüsusi rəng qatmışdır.
Türkiyə Respublikasının, həmçinin Azərbaycan Respublikasının ikinci dəfə öz müstəqilliyini elan etmələrinin məhz oktyabr ayına düşməsi tale yaxınlığının bariz nişanəsi kimi diqqətə çatdırılmışdır.
Tədbirin qonaqları Türkiyəyə dostluq və qardaşlıq münasibətləri göstərən Qafqaz Universiteti kollektivinə təşəkkürlərini bildirmişlər.