QAFQAZDA TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASI ÜÇÜN ƏDALƏTSİZ MÜNAQİŞƏLƏR HƏLL EDİLMƏLİDİR
Bu fikir dekabrın 17-də “Avropa” otelində “Qafqaz və regional təhlükəsizlik” mövzusunda keçirilən konfransda səslənilmişdir.
Konfransın yekun iclasında Prezidentin İcra Aparatının bölmə müdiri Rüstəm Məmmədovun “Qloballaşma və regional təhlükəsizlik”, Sahibkarlığa Yardım Fondunun prezidenti Sabit Bağırovun “Azərbaycanın coğrafi-siyasi məkanda yeri: transregional enerji layihələri ilə bağlı problemlərin həllində beynəlxalq əməkdaşlıq məsələləri”, ABŞ-ın Bakıdakı səfiri Ross Uilsonun “Qafqaz və Avrasiyada sabitliyin təmin olunması”, Böyük Britaniyanın ölkəmizdəki səfiri Endryu Takerin “Qafqazda regional təhlükəsizliklə bağlı Qərbi Avropa ölkələrinin əlaqələrinin icmalı”, həmçinin digər natiqlərin “Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu Qafqazda regional sabitliyin tərkib hissəsidir”, “İnformasiyanın azad axını təhlükəsizliyin təməl daşıdır”, “Beynəlxalq humanitar təşkilatların Qafqazda vətəndaş çəmiyyətinin formalaşmasında rolu” mövzularında və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfransda beynəlxalq təşkilatlar və münaqişələrin aradan qaldırılması yolları, regional problemlərin həllində demokratik islahatlar və mətbuatın rolu məsələlərinə dair geniş müzakirələr aparılmışdır. Bildirilmişdir ki, Qafqazda təhlükəsizliyin təmin olunması üçün ilk növbədə, keçmiş SSRİ-dən miras qalmış münaqişə ocaqları, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ədalətli həll edilməlidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və NATO-nun Müdafiə, Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin müdir müavini Corc Katsirdakis konfransa yekun vuraraq, uzunmüddətli gərginlik və qeyri-sabitlik mənbəyinə çevrilmiş münaqişələr haqqında obyektiv informasiyanın əldə olunmasına, Qafqazda regional təhlükəsizlik məsələləri barəsində çoxtərəfli və dolğun müzakirələr aparılmasına xidmət edən tədbiri yüksək qiymətləndirmişlər.
Sonda jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.