Qafqazın yığma komandası Qroznıda Maradonanın komandasına qalib gəlmişdir
Bakı, 12 may (AZƏRTAC). Qroznıda stadionun açılışı münasibətilə keçirilən matçda “Qafqaz” komandası dünya futbol ulduzlarından ibarət yığma komandaya qalib gəlmişdir. Meydan sahiblərinin qapısına vurulan qollardan birinin müəllifi Diyeqo Maradona olmuşdur.
30 min tamaşaçı üçün nəzərdə tutulan bu stadion yerli “Terek” komandası üçün tikilmiş və ona Əhməd Kadırovun adı verilmişdir. Xatırladaq ki, Çeçenistanın indiki Prezidenti Ramzan Kadırovun atası Əhməd Kadırov 2004-cü il mayın 9-da “Dinamo” stadionunda törədilmiş partlayışdan sonra həlak olmuşdur.
Stadionun açılışı ilə əlaqədar təntənəli tədbirin sonunda keçirilmiş futbol matçı 5:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdır. Dünya futbol ulduzlarının yığma komandasında qolları Diyeqo Maradona və İvan Samorano vurmuşlar. “Qafqaz” komandasının heyətində Anzor İsmayılov, Timur Cəbrayılov, Andrey Fedkov və iki dəfə Zaur Sadayev fərqlənmişdir.
Kadırovun komandası birinci taymda 2:1 hesabı ilə uduzurdu. Fasilədən sonra meydana çıxan Ramzan Kadırov Maradona ilə qucaqlaşaraq, onun sifəti qarşısında əlləri ilə qəribə hərəkətlər etmiş və bundan sonra ulduzlardan ibarət yığma komanda tanınmaz dərəcədə dəyişmişdir. Dünya futbol ulduzlarının oyun texnikası, qaçmaq və mübarizə aparmaq, topu ələ keçirmək və qapıya vurmaq arzusu birdən-birə yox olmuş, Ramzanın komandası isə əksinə, bütün bu keyfiyyətləri nümayiş etdirmişdir. Bu komandanın heyətində cəmi 4 peşəkar futbolçu çıxış edirdi, qalanları isə tamam başqa sahə üzrə ixtisaslaşırlar. Hər halda əzmkarlıq və qələbə arzusu ulduz şöhrətini və tənbəlliyi üstələmiş oldu.
Kadırovun komandasının üzvləri “qastrolyorların” qapısına 5 dəfə dəqiq zərbə vurmuş, onlardan ikisi komandanın kapitanının ötürməsindən sonra qapı xəttindən keçmişdir. Kadırov özü də qol vurmağa çox çalışmış, lakin bunu bacarmamışdır.
Dünya futbol ulduzlarından ibarət yığma komanda bu görüşə aşağıdakı heyətdə çıxmışdı: Diyeqo Maradona, Dida, Fabyen Bartez, Amoruzo, Alessandro Kostakurta, Franko Bareyzi, Luiş Fiqu, İvan Samorano, Jan Pyer Papen, Robbi Fauler, Entso Françeskoli, Kristian Vyeri, Roberto Ayala və Stiv Makmanaman.
“Dünya ulduzlarının yığma komandası” və “Qafqaz” yığma komandası arasında futbol matçı stadionun açılışı ilə əlaqədar tədbirlərin kulminasiya nöqtəsi olmuşdur. Çeçenistan hökumətinin mətbuat xidməti bildirir ki, tədbirin proqramında çoxlu sürprizlər olmuşdur. Tamaşaçılar Türkiyənin ixtisaslaşmış şirkəti tərəfindən təqdim edilmiş lazer şousuna baxmışlar. Çeçenistan və xarici estrada ulduzları Sisi Ketç, Toto Kutunyo, Albano, Aleksandr Safin tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Qala-konserti açan “Daymoxk” Dövlət mahnı və rəqs ansamblı insanın qanını coşduran “Ləzginka” nümayiş etdirmişdir.