Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə avqustun 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, qonaqlar festival ərazisində xüsusi olaraq bəzədilmiş “Əncirli fayton”un və “Əncirin sehrli divarı”nın qarşısında, eləcə də saman konseptli rəngarəng fotozonalarda yaddaqalan şəkillər çəkdirirlər.

Tarixi Qala mühitində təşkil olunan tədbirdə əncir sadəcə Abşeronun ləzzətli rəmzi kimi deyil, həm də bölgənin mədəniyyətini, sənətkarlığını və həyat tərzini özündə birləşdirən zəngin mədəni dəyər kimi nümayiş etdirilir.
Tədbirdə, həmçinin həm böyüklər, həm də uşaqlar üçün coşqulu və zəngin proqram təqdim olunur. Eyni zamanda, festivalın qastronomiya zonasında yerləşən “Əncir laboratoriyası”nda müxtəlif əncir dadlarının dequstasiyası təşkil olunub.