Qan donorlarına həsr edilmiş “Mənim Qəhrəmanım” adlı konsert proqramı təşkil olunub
Bakı, 5 fevral, AZƏRTAC
Qan donorlarına həsr edilmiş “Mənim Qəhrəmanım” adlı konsert proqramı təşkil olunub.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzindən (AQDİM) AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə heyətinin sədri Fuad Rəsul rəsmi hissənin açılışını edib. Daha sonra Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə, Milli Olimpiya komitəsinin vitse-prezidenti, bu komitənin “Ədalətli” oyunlar komissiyasının sədri Xəzər İsayev, Milli Məclisin deputatı Jalə Əhmədova, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfova çıxış edərək tədbirin əhəmiyyəti və mahiyyəti haqqında fikirlərini səsləndiriblər.
Rəsmi hissə bitdikdən sonra bədii hissə olaraq Azərbaycan Respublikanın Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Ədalət Şükürov və “Muğam” televiziya müsabiqəsinin qalibi Mirələm Mirələmov, həmçinin gənc müğənni “Xalq ulduzu” televiziya müsabiqəsinin laureatı Anar Nəbiyev, eləcə də inklüzivliyi olan gənc müğənnilər Aysel Əlizadə, Rəvanə Ağamirova və Arzu Mirzəyeva konsert proqramı ilə çıxış ediblər.
AQDİM-in mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, konsert proqramı AQDİM-in təşkilatçılığı ilə baş tutub.