QANUNLARA EDİLƏN DƏYİŞİKLİKLƏR HƏRBİ QULLUQÇULARIN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILADIRILMASINA XİDMƏT EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iyunun 23-də keçirilmiş iclasında “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamə”yə, “Feldyeger rabitəsi haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Dövlət qulluğu haqqında”, eləcə də “Hərbi qulluqçuların statusu haqqında” qanunlara əlavələrin və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, qanunlara təklif olunan dəyişikliklərin bir qismi redaktə xarakterlidir. Əsas məqsəd isə hərbi qulluqçuların və onlara bərabər tutulan digər xidmət sahələrində çalışanların sosial vəziyyətini yaxşılaşdırmaqdır.
Bildirilmişdir ki, qüvvədə olan qanunda dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanışıq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərclərinin normaları da artırılır. Bu da hərbi qulluqçuların əmək haqlarının, təminat xərclərinin və rütbə maaşlarının vaxtaşırı artırılmasında problemlər yaradır. Həmin problemlərin həllində mühüm rol oynayacaq yeni qanun layihəsi hərbi qulluqçuların maddi təminatında da xeyli müsbət dəyişikliyə səbəb olacaqdır.
Deputatlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubileyi ərəfəsində belə bir qanun layihəsinin qəbulunu yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, dövlətin maddi imkanlarının artması hərbi qulluqçuların, xüsusilə də ön cəbhədə xidmət edən zabitlərin maddi təminatının daha da yaxşılaşdırılmasına imkan yaradır.
Sonda qanun layihələri təsdiqlənmək üçün parlamentin müzakirəsinə tövsiyə olunmuşdur.