“QARA DƏNİZ REGİONUNDA YENİ İMKANLAR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA
Konfransda dünyanın 35 ölkəsindən 400-dən çox nümayəndə və bir sıra ölkələrin dövlət başçıları, BMT-nin, Dünya Yenidənqurma və İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının və bir çox digər nüfuzlu beynəlxalq təsisatların rəhbərləri iştirak edirdilər.
Konfrans iştirakçıları Türkiyə Prezidenti Süleyman Dəmirəli, Azərbaycan Prezidenti Heydər Əliyevi, Gürcüstan Prezidenti Eduard Şevardnadzeni, Ukrayna Prezidenti Leonid Kuçmanı, Moldova Prezidenti Petru Luçinskini, Rumıniya Prezidenti Emil Konstantineskunu alqışlarla qarıladılar.
Xarici İqtisadi Əlaqələr Şurasının sədri Fuad Miraz giriş sözü söylədi. Sonra Qara Dəniz İqtisadi Əməkdaşlığı İşgüzar Şurasının prezidenti Nihad Göyigid konfrans haqqında məlumat verdi.
Türkiyə Prezidenti Süleyman Dəmirəl konfransı açıq elan etdi və nitq söylədi.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevə söz verildi. Azərbaycan dövləti başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Ermənistan Prezidenti Levon Ter-Petrosyan, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Moldova Prezidenti Petru Luçinski, Rumıniya Prezidenti Emil Konstantinesku, Ukrayna Prezidenti Leonid Kuçma, Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Tansu Çillər konfransda çıxış etdilər.
Çıxışlarda qeyd edildi ki, 1992-ci ilin iyununda İstanbulda yaradılmış bu təşkilat ölkələrin iş adamları arasında əlaqələrin sıxlaşdırılması və xalqların rifahının yüksəldilməsi, iqtisadiyyatın bir çox sahələrində ehtiyat mənbələrinin, sərmayə qoyuluşu imkanlarının araşdırılması, nəqliyyat, energetika, rabitə sahələrində birgə layihələrin yerinə yetirilməsi üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ilə bağlı xeyli iş görmüşdür.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ötən beş ildə gördüyü işləri müsbət qiymətləndirən natiqlər iqtisadiyyatın, biznesin inkişafında siyasi xadimlərin mühüm rolunu nəzərə çarpdırdılar, qarşılıqlı surətdə faydalı əməkdaşlığın durmadan genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Natiqlər üzv ölkələrin beynəlxalq inteqrasiya prosesində yaxından iştirakı ilə əlaqədar qarşıya çıxan problemlərin həllinə kömək göstərilməsini də lüzumlu hesab etdilər.
Bölgədəki münaqişə ocaqlarının tezliklə aradan qaldırılması üçün səylərin birləşdirilməsi məsələlərinə böyük əhəmiyyət verildi, regionda sabitliyin, təhlükəsizliyin, sülhün etibarlı şəkildə təmin edilməsinin çox böyük amil olduğu vurğulandı.
“Qara dəniz regionunda yeni imkanlar” mövzusunda beynəlxalq konfrans təşkilatın üzvü olan ölkələrin iqtisadi, ticarət, mədəni əlaqələrinin daha da möhkəmləndirilməsində əsaslı rol oynayacaqdır. Dövlətimizin başçısı Heydər Əliyevin bu beynəlxalq konfransda iştirakı, dərin məzmunlu nitqi, bir sıra ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlər dünya birliyində özünə layiq yer tutmuş müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun və iqtisadi əlaqələrinin daha da məhkəmləndirilməsində misilsiz əhəmiyyətə malikdir.