Qara Qarayevin yaradıcılığı dünya musiqi aləmində ölməz əsərlərin zəngin xəzinəsi kimi tanınır
Mingəçevir, 1 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Elə musiqi əsərləri var ki, onlar zaman dəyişsə də önəmini və mahiyyətini itirmir. Çünki belə əsərlər ölməz əsərlərdir. Qara Qarayev yaradıcılığı da məhz ölməz əsərlərin zəngin bir xəzinəsi kimi dünya musiqi aləmində tanınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi“ mövzusunda keçirilən konfransda səsləndirilib.
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına uyğun olaraq keçirilən konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinin rəhbərlik etdiyi təhsil ocağında təntənəli şəkildə qeyd edilməsinin əlamətdar hadisə olduğunu bildirib.
“Elə şəxsiyyətlər var ki, xalqına, dövlətinə, hətta bəşəri dəyərlərə xidmətlərinə görə əbədilik qazanır. Bu mənada dahi bəstəkar Qara Qarayev təkcə Azərbaycan deyil, bütövlükdə dünya mədəniyyətinin və incəsənətinin qızıl fonduna daxil olan yaradıcı şəxsiyyətlərdən biridir. Milli, klassik, müasir musiqi janrlarının dərin bilicisi, görkəmli bəstəkar, tanınmış dirijor, böyük pedaqoq, musiqi dünyasının tədqiqatçı akademiki kimi şərəfli yaradıcı ömür yolu keçmiş Qara Qarayevin xidmətləri unudulmazdır. Milli musiqimizin Avropa musiqisinə uğurlu inteqrasiyası kimi dəyərləndirilən əsərləri, xüsusilə də “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri sənət inciləri kimi ürəkləri fəth edib”, - deyə Əyyub Əyyubov bildirib.
Tədbirdə dahi bəstəkar Qara Qarayevin ömür yolundan bəhs edən sənədli filmə baxış olub.
Sonra konfrans iştirakçılarının məruzələri dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Aybəniz Əliyeva və Əşrəf Əsgərov müvafiq olaraq “Qara Qarayevin ölməz irsi”, “Qara Qarayevin kamera və vokal əsərləri”, “Musiqi ilə xalqları yaxınlaşdıran bəstəkar”, “Qara Qarayevin həyat və yaradıcılığı” mövzularında çıxış ediblər.
Daha sonra dahi bəstəkarın 100 illik yubileyi münasibətilə kollecdə təşkil olunmuş əl işləri və inşa müsabiqələrinin, eyni zamanda, şahmat turnirinin və intellektual bilik yarışmasının qaliblərinə fəxri fərmanlar təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra tələbə özfəaliyyət qrupunun fəalları musiqili ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.