Qarabağ ərazisində tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin addımlar atılır
Bakı, 12 aprel, AZƏRTAC
Ekoloji siyasətin əsas istiqamətləri və aparılan tədbirlər ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlmişdir. Bu tədbirlər daim diqqət mərkəzindədir. Əsas məqsədimiz ölkə ərazisində yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı yaratmaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir çox tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində “Ekspert saatı”nda çıxışı zamanı nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
“Hazırda plastik tullantıların azaldılması və təkrar emalı üçün fəaliyyət planı həyata keçirilir. Bu plana əsasən 37 şəhər və rayonda 250-dən çox tullantı konteynerləri quraşdırılıb. Burada əsas məqsəd plastik tullantıların çeşidlənməsi və təkrar emala verilməsidir. Müxtəlif layihələr çərçivəsində bu proses davam edir. Bakı şəhəri Nərimanov rayonunda əvvəlcə pilot layihə kimi başlayan iki fərqli konteynerlər yerləşdirilib. Bu konteynerlər təkrar emalı mümkün olan tullantılar üçün nəzərdə tutulur. Tullantılar çeşidləmə zavoduna gedir, orada daha dəqiq kateqoriyalara bölünür. Azərbaycanda çeşidləmə praktikası yeni olsa da təkrar emalda maraqlı olan şirkətlər kifayət qədərdir”, - deyə şöbə müdiri bildirib.
Faiq Mütəllimov, həmçinin bildirib ki, Qarabağ ərazisində tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin addımların atılmasına başlanılıb.