Qarabağ qazisi: Böyük Qələbəmizlə fəxr edirəm
Ucar, 25 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Silahlı Qüvvələri ermənilər tərəfindən uzun illərdən bəri işğal altında saxlanılan Kəlbəcərə daxil oldu və bu şad xəbər nəinki 27 il həsrətlə yaşayan bu diyarın məcburi köçkünlərinə, habelə bütün xalqımız üçün böyük bayram sevinci bəxş etdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ucar rayonunun Təzə Şilyan kəndindən olan Qarabağ qazisi, II qrup əlili Afiq Abdulov söyləyib. 1993-cü ildə Qarabağda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə fədakarlıq göstərən, avqustun 19-da Ağdamın Baş Qərvənd kəndindəki qeyri-bərabər vuruşmada ağır yaralanan və əlil olan qazi Afiq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində qazandığı Böyük Qələbə ilə fəxr etdiyini söylədi. Üç övlad atası olan Afiq Abdulov Şuşaya, Kəlbəcərə, Laçına və digər rayonlarımıza gedəcəyi, xüsusilə Ağdamda döyüşdüyü yerlərə baş çəkəcəyi günü səbirsizliklə gözlədiyini söyləyib: “Qarabağımızı qarış-qarış gəzəcəyəm və bu gəzintilər uzun illərdən bəri çəkdiyim nisgilə bir dərman olacaq. Belə bir gərgin vaxtda, bir neçə gün bundan əvvəl bizim də ailəyə yeni fərdi mənzil verdilər. Bunun üçün bizə, həm də qələbə sevincini yaşadan Prezidentimizə çox-çox minnətdarıq”.