“Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşu təqdim edilib
Bakı, 6 noyabr, AZƏRTAC
Səhnə işıqlanır və Xalq artisti Nurəddin Mehdixanlı şair Teymur Elçinin Qarabağ haqqındakı şeirini söyləyir. Şairin “Elimizin ən gözəl xalçası”, “Ürəyinin bir parçası” hesab etdiyi Qarabağ haqqında...
“Qarabağ şikəstəsi” oratoriyasının musiqi və layihə rəhbəri Yalçın Adıgözəlovun dirijor çubuğu orkestri hərəkətə gətirir. Qarabağ torpağının iki istedadlı yetirməsi - libretto müəllifi Teymur Elçin, bəstəkarı Xalq artisti Vasif Adıgözəlov olan əsərin musiqisi pərdə-pərdə ətrafa yayılır.
AZƏRTAC xəbər verir ki, həzin notlar üstündə başlayan “Qarabağ şikəstəsi” oratoriyası Heydər Əliyev Sarayına çoxlu tamaşaçı toplayıb.
Oratoriya səsləndikcə sanki müqəddəs ruhları da doğma torpaq uğrunda mübarizəyə səsləyir. Simfoniyada tarixilik və vətənpərvərliklə yanaşı, həm də mübarizə ruhu var. Boy-boya verən Şuşanın dağları - Üçmıx, Ərimgəldi, Xəzinə qayası göz önünə gəlir, sanki Cıdır düzü, İsa bulağı, Turşsu bütün gözəlliyi ilə canlanır, Daşaltı çayı, Qırxpilləkən, Ağa körpüsü...
Qarabağ hadisələrinin ən şiddətli çağında - ötən əsrin səksəninci illərinin axırlarında yazılan bu əsər Dövlət mükafatına layiq görülüb. Qeyd edək ki, oratoriyanın premyerası 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Moskvada P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında olub.
“Qarabağ simfoniyası” milli mədəniyyətimizin Qarabağ ətrafında baş verən hadisələrə, bu hadisələri törədənlərə və onların havadarlarına qarşı yüksək bədii-estetik səviyyəli etirazı oldu. Bəlkə də əsərin belə uğurlu alınmasının səbəbi onun hər iki müəllifinin mövzuya olan sonsuz məhəbbətidir. Üzeyir bəy ruhuna yaxınlığı ilə diqqəti cəlb edən bu əsərdə muğam intonasiyalarından ustalıqla istifadə edilib.
Saraya toplaşan tamaşaçılar oratoriyanın musiqili-xoreoqrafik quruluşunu böyük maraqla izləyiblər. Solistlər Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, tarda Əməkdar artist Əliağa Sədiyevin ifaları alqışlarla qarşılanıb.
“Qarabağ şikəstəsi” oratoriyasının ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqraf Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissor Əməkdar artist İnarə Babayeva və quruluşçu rəssamı Fərid Nəcəfovdur.